Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsinə böyük maraq göstərirlər
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslər müvəffəqiyyətlə davam etdirilir. Noyabrın 3-də başlanan və bir aydır ki, davam edən dərslərdə indiyədək rayonun 16 ümumtəhsil məktəbində təhsil alan 454 şagird Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə ətraflı məlumat əldə edib. Dekabrın 3-də Mərkəzdə keçirilən növbəti açıq dərs “Xarici siyasətdə uğurlar” mövzusuna həsr olunub. Tarix müəllimi Sakit Həsənovun tədris etdiyi açıq dərsdə rayonun Faldarlı və Göyəm kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər. Tədris prosesində şagirdlərə Ulu Öndərin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq və regional təşkilatlarla əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq siyasəti, ölkəmizin beynəlxalq iqtisadi layihələrdə iştirakının təmin olunması, Azərbaycanın dünyanın enerji və siyasi xəritəsində mövqeyinin möhkəmlənməsi və digər məsələlər barədə ətraflı məlumatlar verilib. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində Azərbaycanın ərazi bütövlüyünün tanınmasının Ulu Öndərin xarici siyasətinin ən mühüm nailiyyəti olduğu xüsusi vurğulanıb. Açıq dərsdə şagirdlər, həmçinin 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Ümummilli Liderin xarici ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, xarici siyasətdə əldə edilən digər uğurlar barədə də dolğun məlumatlar əldə ediblər. Tədris prosesində şagirdlər Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə də yaxından tanış olublar.