Ümummilli lider Heydər Əliyev Azərbaycanın işıqlı sabahının banisidir
Müasir tariximizi ümummilli lider Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər bir səhifəsi Azərbaycanın son yarım əsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Azərbaycan və Heydər Əliyevin adları əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, amalı, qayəsi olub. Bu böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər gələcək nəsillər üçün əsl örnəkdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın işıqlı sabahının banisidir. Bu fikirlər Ümummilli Liderin vəfatının 11-ci ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində dekabrın 8-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “İşıqlı sabahımızın banisi” adlı tədbirdə səsləndirilib. Tədbirin əvvəlində dahi rəhbərə həsr olunan film nümayiş etdirilib. Rayonun fəal gənclərinin iştirak etdikləri tədbirdə səslənən “Xalqa bağışlanan ömür”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Dahi lider” və digər mövzularda məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilib. Çıxış edənlər Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib, əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.