Yaşıllaşdırma marafonu çərçivəsində Zaqatalada 11 minə yaxın ağac əkilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə başlanan ümumrespublika yaşıllaşdırma marafonu Zaqatala rayonunda da böyük rəğbətlə qarşılanıb. Rayonun ayrı-ayrı əmək kollektivləri, bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, kənd sakinləri IDEA İctimai Birliyinin ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu nəcib və xeyirxah təşəbbüsünə böyük həvəslə qoşulublar. Aksiya çərçivəsində keçirilən iməciliklərdə indiyədək Zaqatala şəhərinin park və küçələrində, kənd yerlərində, Yevlax-Balakən magistral avtomobil yolunun, həmçinin Qorağan-Qax-Zaqatala, Zaqatala-Danaçı, Zaqatala-Muğanlı avtomobil yollarının kənarlarında 11 minə yaxın ağac tingi əkilib. Əkin zamanı əsasən akasiya, çinar, şam, qoz, cökə və digər ağac növlərinə üstünlük verilir. Rayon meşə mühafizəsi və bərpası müəssisəsinin və kommunal müəssisələri kombinatının tinglik təsərrüfatlarında bu məqsədlə kifayət qədər əkin materialı yetişdirilib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilir, dibi yumşaldılır, suvarılır.