Ulu Öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır
Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində XI sinif şagirdləri üçün noyabrın 27-də keçirilən növbəti açıq dərs “Ulu Öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır” mövzusuna həsr olunub. Tarix müəllimi Elmira Hacıyevanın tədris etdiyi dərsdə rayonun Qımır və Yengiyan kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər. Açıq dərsdə bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli neft strategiyasının yaradılmasındakı rolu və xidmətlərindən ətraflı bəhs olunub. Tədris prosesində neftin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolu önə çəkilib, neft strategiyasının mahiyyətinin ölkəmizin mövqeyinin möhkəmləndirilməsi və “qara qızıl”ın xalqın rifahına xidmət etmək olduğu bildirilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, Ulu Öndərin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın milli neft strategiyasının əsası qoyulub. Bu müqavilə müstəqilliyimizin təminatı, iqtisadi inkişafımızın mənbəyi olub. Azərbaycanın dünyanın enerji və siyasi xəritəsində mövqeyini möhkəmləndirib. Bildirilib ki, ölkənin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarlarına nəql edilməsindən ibarətdir. Məhz Ulu Öndərin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradılıb. 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa neft kəmərlərinin istifadəyə verilməsi, 2002-ci ilin sentyabrında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə başlanması, 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi bilavasitə Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Tədris prosesində şagirdlərin diqqətinə çatdırılıb ki, siyasətdə neft amilindən istifadə edilməsi ölkəmizin neft strategiyasının tərkib hissəsidir. Bu siyasətin uğurla həyata keçirilməsi dövlətimizin müqavilə bağladığı ölkələrlə siyasi və mədəni əməkdaşlığını genişləndirməklə yanaşı, onlarda Azərbaycan dövlətinin siyasi və iqtisadi xəttinə olan etimadı artırır. Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə kömək edir.