Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın 90 yaşlı müharibə veteranları

28 noyabr 2014 | 16:00

1941-1945-ci illər Böyük Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi, Zaqatalanın igid oğul və qızları da böyük rəşadət göstərərək, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Faşizm üzərində qələbənin əldə edilməsində həmin illərində cəbhəyə yola düşmüş 7 minə yaxın zaqatalalının da böyük rolu olub. Onlardan 3600 nəfəri amansız müharibədən geri qayıtmayıb. Müharibədən sağ-salamat qayıdanların da böyük əksəriyyəti artıq həyatdan köçüb. Lakin bu insanlar heç vaxt unudulmur, sağlığında olduğu kimi, indi də məhəbbətlə anılır, yad edilirlər. Bu cəsur oğulların vətənpərvərliyi hər bir azərbaycanlıya, eləcə də zaqatalalıya örnəkdir. Hazırda rayonda o dəhşətli illərin şahidi olan 12 nəfər ön və 263 nəfər arxa cəbhənin veteranı yaşayır. Müharibə veteranlarından 6 nəfərinin artıq 90 yaşı vardır. Noyabrın 28-də Zaqatala Rayon İcra Hakimiyyətində yaşı doxsanı haqlamış müharibə veteranları ilə görüş keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları əvvəlcə 1941-1945-ci illərdə həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gələrək müharibədə həlak olan igid həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Respublika Veteranlar Təşkilatı sədrinin köməkçisi, polkovnik Adil Babaşov və başqaları çıxış edərək ölkəmizdə müharibə veteranlarına göstərilən yüksək dövlət qayğısından danışıblar. Artıq 90 yaşı tamam olan 6 nəfər müharibə veteranına Respublika Veteranlar Təşkilatının fəxri fərmanları təqdim olunub. Görüşdə çıxış edən Müharibə və Əmək Veteranları Şurasının Zaqatala rayon təşkilatının sədri Ənvər Kərimov göstərilən diqqət və qayğıya görə müharibə veteranları adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Keçidlər