Zaqatalada məskunlaşan məcburi köçkün ailələrinin uşaqlarına bayram sevinci bəxş olunub
“Uşaq hüquqları aylığı” çərçivəsində noyabrın 20-də Zaqatala rayon İncəsənət məktəbində rayonda məskunlaşan məcburi köçkün ailələrindən olan uşaqlar üçün konsert proqramı təşkil olunub.
Uşaqları əlamətdar bayram – 20 noyabr – Ümumdünya Uşaq Günü münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova uşaqların həyatın davamı, xoş gələcəyimiz, varlığımızın əbədi sevinci olduğunu bildirib. Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Vurğulanıb ki, uşaq hüquqlarının qorunması və təbliği cəmiyyətdə əsas yer tutur. Bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görülür. Uşaqlara dövlət qayğısı artırılır, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər olan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara böyük diqqət və qayğı göstərilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın əzmkar və vətənpərvər fəaliyyəti hamı tərəfindən yüksək qiymətləndirilir. Bayram tədbirində incəsənət məktəbinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Sonda uşaqlara rayon icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub.