Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın tarixi yerləri ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb

16 noyabr 2014 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Şəki-Qax-Zaqatala marşrutu üzrə hərəkət edən Sabunçu və Suraxanı məktəbliləri noyabrın 16-da Zaqatala rayonunun tarixi məkanları ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər. Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Tur-aksiyanın iştirakçıları parkın ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıb. Məktəblilərə rayonun tarixi, coğrafi mövqeyi, mədəniyyəti barədə məlumat verilib. Bildirilib ki, Zaqatala rayonu ölkəmizin şimal-qərb hissəsində, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşir. 124 min əhalisi olan Zaqatalada 20-dək xalqın nümayəndəsi uzun illərdir dostluq, qardaşlıq şəraitində mehriban yaşayırlar. Diqqətə çatdırılıb ki, 13 hektar ərazisi olan bu park 1947-ci ildə salınıb. Ulu Öndərin adını daşıyan bu park hazırda rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yerlərindən biridir. Parkda 27 növ ağac var. Tur-aksiyanın iştirakçılarına Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatından bəhs edən kitabçalar hədiyyə olunub. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar. Bildirilib ki, 2008-ci ilin sentyabrında istifadəyə verilən Mərkəzin ekspozisiya zalında Ulu Öndərlə bağlı 117 fotoşəkil, şəxsi sənədlər, 63 adda kitab var. Məlumat verilib ki, Ümummilli Liderin irsinin daha dərindən öyrənilməsi məqsədilə bu ilin fevral-may aylarında Mərkəzdə keçirilən açıq tarix dərslərində rayonun 47 ümumtəhsil məktəbində təhsil alan 1220 şagird iştirak edib. İndiyədək Mərkəzdə 240 cütlüyün təntənəli nikah mərasimləri keçirilib.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin inşa edilən yeni binasına da baxıblar. Bildirilib ki, Mərkəzin tikintisi artıq başa çatıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Şəhər stadionu ilə tanış olan məktəblilər burada Zaqatalanın “Simurq” futbol komandasının məşq prosesini də izləyiblər.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, rayonda dövlət tərəfindən qorunan 108 tarixi abidə var. Bu qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. “Potyomkin” zirehli gəmisinin çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş inqilabçı matrosları vaxtilə bu qalada məhbus kimi saxlanılıb.
Zaqatalaya səfərləri çərçivəsində Sabunçu və Suraxanı məktəbliləri Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.

Keçidlər