Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Faldarlı kəndində yeni uşaq bağçası istifadəyə verilib

08 noyabr 2014 | 16:00

Dövlət Bayrağı Günü ərəfəsində Zaqatala rayonunun ucqar yaşayış məntəqələrindən olan Faldarlı kəndinin balaca sakinləri dəyərli bayram hədiyyəsi alıblar. Noyabrın 8-də bu kənddə 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş uşaq bağçası üçün inşa olunan yeni bina balacaların istifadəsinə verilib. Bu münasibətlə keçirilən mərasimdə son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, baş vermiş təbii fəlakət zamanı Zaqatala rayonunda fərdi tikililərlə yanaşı, sosial təyinatlı obyektlər, o cümlədən uşaq bağçalarının yerləşdiyi binalar da ciddi zərər görüb. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına ötən il rayonda zəlzələdən zərər çəkmiş 9 uşaq bağçasında yeni tikinti və bərpa-gücləndirilmə işlərinə başlanılıb. Diqqətə çatdırılıb ki, bu bağçalardan altısı artıq istifadəyə verilib. Bu gün daha bir uşaq bağçası qapılarını balaca fidanların üzünə açır. Mərasimdə kənd ağsaqqalı, bağçanın müdiri və sakinlər çıxış edərək əlamətdar bayramlar ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə yaxından tanış olublar. İki mərtəbəli yeni bağça binası zəruri inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti, otaq və mətbəx mebelləri ilə təmin olunub, həyət abadlaşdırılıb.

Keçidlər