Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu və Suraxanı məktəbliləri Zaqatalada

11 noyabr 2014 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Sabunçu və Suraxanı rayonlarından olan iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə ekskursiyanın üçüncü günü, noyabrın 11-də Zaqatala rayonunun tarixi məkanları ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər. Tur-aksiya iştirakçılarının “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala ilə ilk tanışlığı xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarətlə başlanıb. Məktəblilər əvvəlcə Ulu Öndərin parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, xatirə şəkilləri çəkdiriblər. Tur-aksiyanın iştirakçıları parkın ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıb. Məktəblilərə Zaqatala rayonunun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan bu parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü vardır. 2008 və 2012-ci illərdə aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu Öndərin abidəsinin ucaldıldığı park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir. Məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olublar. Sonra tur-aksiya iştirakçıları bu ərazidə inşa edilən və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev Mərkəzinin yeni binasına baxıblar. Yeni mərkəzin bənzərsiz arxitekturası məktəblilərin çox xoşuna gəlib. Şəhər stadionu ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Zaqatalanın “Simurq” futbol komandası ölkə birinciliyinin ev oyunlarını bu meydançada keçirir. Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıb. Diqqətə çatdırılıb ki, qalanın ümumi sahəsi 11,5 hektar, qala divarlarının uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. 3 giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə vardır. Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər. Zaqatalaya səfərləri çərçivəsində Sabunçu və Suraxanı məktəbliləri, həmçinin rayon tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar. Sonra ekskursiya iştirakçıları yenidən qurulan Heydər Əliyev prospekti ilə piyada hərəkət edərək Zaqatala şəhərinin tarixi mərkəzinə - Dədə Qorqud meydanına gəliblər. Zaqatalanın tarixi məkanları ilə tanışlıq Sabunçu və Suraxanı məktəblilərinin ürəyincə olub.

Keçidlər