Əbədi müstəqilliyin mübarək, Azərbaycanım!
Artıq 23 ildir ki, xalqımız oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünü sonsuz sevinc və iftixar hissi ilə qeyd edir. Ulu öndərimiz Heydər Əliyevin vaxtı ilə söylədiyi: “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir” arzusu bu gün artıq gerçəkləşib. Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində öz layiqli yerini tutur. Bu fikirlər Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Zaqatala şəhərində keçirilən “Əbədi müstəqilliyin mübarək, Azərbaycanım!” mövzusunda elmi-praktik konfransda səsləndirilib. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda dövlət müstəqilliyinin bərpasından ötən 23 il ərzində Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edilib. Vurğulanıb ki, 1991-ci il oktyabrın 18-i Azərbaycanın tarixinə yeni mərhələnin başlanğıc günü kimi daxil olub. Demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Bildirilib ki, xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də hamar olmayıb. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyini əldə edib. Təəssüf ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanı müstəqilliyə, azadlığa aparan yollarda qanlar tökülüb, şəhidlər verilib. Digər ölkələrdən fərqimiz həm də onda idi ki, Azərbaycan xalqı müstəqilliyin nə demək olduğunu daha yaxşı bilirdi. Çünki xalqımız XX əsrin əvvəllərində müstəqilliyin sevincini bir dəfə yaşamışdı və nail olduğu növbəti əbədi müstəqillik əsrin sonlarına doğru onun siyasi tarixinin möhtəşəm qələbəsi idi. Konfransda qeyd olunub ki, bu gün Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndərin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini getdikcə möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınması, qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, dövlət müstəqilliyimiz bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq. Konfransın gedişində ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edən sənədli filmlər nümayiş etdirilib. Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbirləri mədəniyyət və istirahət parkında incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatıb.