“Dəyirmi masa”da Zaqatalada turizmin inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib
Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı və rolu ilə bağlı məsələlər Zaqatala rayonunda keçirilən “dəyirmi masa”nın əsas müzakirə mövzusu olub.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Zaqatala Rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən turizm-istirahət mərkəzlərinin rəhbərləri, ziyalılar, mədəniyyət işçiləri iştirak edib.
Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə bildirilib ki, qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən Zaqatala rayonu turizmin müxtəlif növlərinin inkişafı üçün geniş potensiala malikdir. Son illər rayonda turizmin inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Rayonda Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi, zəruri infrastruktur, həmçinin münasib qiymətli otellər turistlərin Zaqatalaya marağını ildən-ilə artırır. Diqqətə çatdırılıb ki, dəniz səviyyəsindən 600-3600 metr hündürlükdə yerləşən Zaqatala Dövlət Təbiət Qoruğunda ekoturizmin inkişafı üçün ideal şərait vardır. Qoruğun ərazisində 1000-ə yaxın bitki növü yayılıb. Bu bitkilərdən 12-si nadir bitki növü kimi, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilib. “Dəyirmi masa”da Elmi-Metodiki Mərkəzin nümayəndəsi Məzahir Qarayev “Turizmin inkişafında dünya təcrübəsi və turizmin regionda əhalinin həyat səviyyəsinə təsiri”, Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzularında məruzələri dinlənilib. Tədbirdə, həmçinin “Regionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması”, “Rayon ərazisində yerləşən turizm obyektlərinin turizmin inkişafı sahəsində gördüyü işlər”, “Tarix-memarlıq, mədəniyyət və təbiət abidələrinin turizmin inkişafında rolu” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb. Turizm sahəsinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət işçisinə, həmçinin turizm-istirahət mərkəzlərinin rəhbərlərinə Elmi-Metodiki Mərkəzin fəxri fərmanları təqdim olunub.