“Azərbaycanın xalq milli oyun və meydan tamaşaları” mövzusunda baxış-müsabiqə
Xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları milli-mənəvi dəyərlərimizə, soykökümüzə bağlılığımızı təcəssüm etdirir. Tarixi çox qədimlərə gedib çıxan bu oyun və tamaşalar müxtəlif mərasimləri əks etdirən qədim folklor nümunələri olmaqla yanaşı, həm də insanlarda yüksək humanist duyğular, şər qüvvələri cəzalandırmaq, xeyirxahları mükafatlandırmaq kimi müsbət keyfiyyətlər aşılayır. Bu oyunların mayasında yüksək əhval-ruhiyyə, fiziki hərəkət, ruhi saflıq, zehni güc, sağlamlıq dayanır. Dildən-dilə, eldən-elə zaman aşırımından keçən çövkən, “cilingağac”, “topaldıqaç”, “motal-motal”, “əl üstə kimin əli”, “bənövşə”, “gizlən-qaç”, “gözbağlıca”, “ənzəli”, “çiləmə”, “fincan-fincan”, “papaqatdı” və digər xalq oyunları uşaq və gənclər tərəfindən bu gün də həvəslə oynanılır. Təəssüf ki, bu xalq oyunlarının bəziləri artıq unudulur, uşaq və gənclər belə oyunlara çox az maraq göstərirlər. Unudulmaqda olan xalq oyun və meydan tamaşalarını yaşatmaq və təbliğ etmək vəzifəsini qarşısına məqsəd qoyan Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsi bu sahədə artıq əməli fəaliyyətə başlayıb. Şöbənin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən “Azərbaycanın xalq milli oyun və meydan tamaşaları” mövzusunda baxış-müsabiqədə rayonun şəhər və kənd mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivləri iştirak ediblər. Kollektivlərin təqdim etdikləri xalq milli oyun və meydan tamaşaları parka toplaşan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Müsabiqədə Yuxarı Tala, Maqov, Göyəm, Qımır, Sumaylı, Gözbarax, Dombabinə, Dardoqqaz və digər kənd klub və mədəniyyət evlərinin kollektivləri xüsusi fəallıq göstəriblər. Belə tədbirlərin gələcəkdə də davamlı surətdə keçirilməsi nəzərdə tutulur.