Zaqatalada 31,8 milyon manatlıq tikinti, təmir və abadlıq işləri görülüb
Bu ilin 9 ayında Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 31,8 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. Həmin dövrdə Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün inşa edilən yeni binanın tikintisi başa çatdırılıb. Şəhərin F.Əmirov və Vidadi küçələrinin kəsişməsində yeraltı piyada keçidinin tikintisinə başlanılıb. Aşağı Tala, Yuxarı Tala və Kürdəmir kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün yeni binalar tikilib istifadəyə verilib. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının yeni binasının, Yuxarı Tala kəndində 2 nömrəli tam orta məktəb üçün 450 şagird yerlik yeni binanın, maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, Dövlət Yanğın Xidmətinin rayon şöbəsinin depo binasının tikintisi davam etdirilib.
Bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə daha sonra qeyd olunub ki, hesabat dövründə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına Lahıc və Danaçı kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilib, Əliabad qəsəbəsi, Aşağı Tala və Muxax kəndlərindəki körpələr evi-uşaq bağçalarında bərpa-gücləndirilmə işləri aparılıb. Diqqətə çatdırılıb ki, cari ilin ötən dövrü ərzində Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilib, 176,1 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı sənayedə 36,6 faiz, kənd təsərrüfatında 3,1 faiz, rabitədə 22,9 faiz, nəqliyyatda 10,3 faiz, ticarətdə 3,2 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 3,9 faiz çoxalıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 9 ayda rayonda1131-i daimi olmaqla 1186 yeni iş yeri açılıb.
Müşavirədə qeyd olunub ki, hesabat dövründə “Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsinin icrasının yekun mərhələsi çərçivəsində gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab su təmizləyici qurğular kompleksinin tikintisi başa çatdırılıb. Hazırda sazlama, yaşayış evlərinə yeni xətlərin qoşulması və sayğacların quraşdırılması işləri davam etdirilir. Artıq Zaqatala şəhərində 6529 abonentə yeni istifadəyə verilmiş şəbəkədən içməli su verilir. Bundan əlavə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə bu ilin əvvəlindən rayonun kəndlərində 14 ədəd subartezian quyusu qazılıb, 26 quyu isə əsaslı təmir edilib.
Toplantıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər də geniş təhlil olunub. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda tikinti işləri davam etdirilib, cari ildə 9,5 kilometr olmaqla, yola ümumilikdə 23,5 kilometr uzunluğunda asfalt örtüyü döşənib.
Müşavirədə, həmçinin əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib. Bildirilib ki, hesabat dövründə Makov kəndinə 1732 metr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, Qəbizdərə kəndinə təbii qazın verilməsi təmin olunub. Rayonda genişzolaqlı internet xidməti istifadəçilərinin sayı artaraq 6877 nəfərə çatıb.