Zaqatala rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşdülər
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində başlanan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları müvəffəqiyyətlə davam edir.
Qızılgüllər diyarı kimi tanınan Zaqatala rayonunun məktəbliləri də artıq bu aksiyanın iştirakçılarıdırlar. Avqustun 25-də Zaqatala şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında böyük qələbəlik var idi. Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxan rayon məktəblilərini yola salmaq üçün toplaşan rayon rəhbərliyi, valideynlər, müəllimlər şagirdlərə son tapşırıq və tövsiyələrini verirdilər.
Əllərində üçrəngli Azərbaycan bayrağını dalğalandıran məktəblilər əvvəlcə Ulu Öndərin parkda ucaldılan abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad etdilər, abidənin önündə xatirə şəkilləri çəkdirdilər.
Parkdakı Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən təntənəli mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu layihənin dövlətimizin başçısının hər bir Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdilər. Diqqətə çatdırıldı ki, avqustun 1-dən başlayaraq respublikamızın bütün rayonlarında öz intellektual səviyyəsi, dünyagörüşü, biliyi ilə fərqlənən məktəblilər ölkənin müxtəlif bölgələrinə ekskursiyaya göndərilirlər. Məqsəd gənclərin dünyagörüşlərini daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaqdır.
Bildirildi ki, tur-aksiyaya yeni qoşulan Zaqatala rayonunun məktəbliləri də dörd gün ərzində ölkənin şimal bölgəsinin rayonları ilə yaxından tanış olacaq, tarixi məkanlara, muzeylərə baş çəkəcək, görməli yerləri gəzəcək, özlərinə yeni dostlar, tanışlar tapacaqlar.
Valideynlər adından çıxış edən Səbinə Ramazanova bildirdi ki, bu gün məktəblilərin həyatında tarixi bir gündür. Hamı ürəkdən sevinir. Bu təntənəli mərasimdə valideynlər daha çox qürur hissi keçirirlər. Bu təntənəni isə bizlərə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir.
Tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini vurğulayan humanitar fənlər gimnaziyasının XI sinif şagirdi Zərifə Əhmədova bildirdi ki, şübhəsiz, məktəblilər üçün bu ekskursiya Azərbaycanın tarixi, ölkəmizin ayrı-ayrı regionları ilə bağlı biliklərinin daha da dərinləşməsində çox gərəkli olacaqdır.
Qrupun rəhbəri, Zaqatala şəhərindəki 3 nömrəli tam orta məktəbin direktoru Elmira Hacıyeva AzərTAc-a müsahibəsində dedi: “Biz bu gün ölkənin şimal bölgəsinə yola düşürük. Qrupumuza rayonun məktəblərindən seçilmiş 40 fəal şagird, həmçinin müşayiətçilər daxildir. Gözəl bir layihənin iştirakçısıyıq. Doğrudur, şagirdlərimiz rayonumuzun sosial-iqtisadi inkişafı barədə kifayət qədər məlumatlıdırlar. İndi isə onlar ölkəmizin digər bölgəsində - Quba, Qusar və Xaçmaz rayonlarında gedən sürətli inkişafı öz gözləri ilə görəcək, tarixi məkanlarla tanış olacaqlar. Bu da məktəblilərə ölkəmiz haqqında biliklərinin daha da möhkəmlənməsində kömək edəcəkdir”.
Rayon rəhbərliyinin, valideynlərin xeyir-duasından sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşərək Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşdülər.