Zaqatalalılar ötən ili yüksək nailiyyətlərlə başa vurmuşlar
Fevralın 16-da Zaqatala rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin mərkəzi parkda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehriramla yad etmiş, icra hakimiyyəti binasının foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxmışlar. Yığıncağın əvvəlində Zaqatala rayonunun 2011-ci ildə sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə hesabat məruzəsində bildirmişdir ki, ötən il büdcə vəsaiti hesabına Tala çayının sağ sahilində 300 metr uzunluğunda daş-beton bənd inşa edilmiş, Aşağı Çardaxlar kəndində 220 şagird-yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, Muxax kəndindəki 1 saylı tam orta məktəb, habelə Zaqatala şəhərində 5 uşaq bağçası əsaslı təmir olunmuşdur. Bundan əlavə, ötən il dövlət vəsaiti hesabına Zəyəm və Muxax kəndlərində 180 və 80 şagird yerlik yeni məktəb binalarının, habelə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində 50 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılmışdır. 2011-ci ildə Zaqatala rayonunda 171 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Müddət ərzində rayonda 18 milyon 75 min manatlıq sənaye, 88 milyon 291 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 27,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 3,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 15,4 faiz, əhalinin pul gəlirləri isə 11 faiz artmışdır. Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına 29,5 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülmüşdür. Müddət ərzində rayonda 714-ü daimi olmaqla, 794 yeni iş yeri açılmışdır.
Məruzədə qeyd olunmuşdur ki, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində özəl sektorun ümumi məhsul buraxılışında payı əvvəlki ilə nisbətən 4,9 faiz artaraq 82,6 faizə çatmışdır. İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yerli sahibkarlara 21 layihə üzrə 636 min manat güzəştli kredit verilmişdir. 2011-ci ildə rayonda 88,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hesabat ilində fermerlər 11 min 746 hektar taxıl sahəsindən 27 min 68 ton məhsul götürmüşlər. Cari ilin məhsulu üçün 11 min 912 hektar sahədə payızlıq taxıl əkilmişdir. Əvvəlki ilə nisbətən qarğıdalı istehsalı 2112 ton, meyvə istehsalı 989 ton, tərəvəz istehsalı 778 ton, bostan məhsulları istehsalı 158 ton, tütün istehsalı 17 ton artmış, 36 ton yaşıl çay yarpağı və 12 ton gül ləçəyi istehsal olunmuşdur. Heyvandarlıq məhsulları istehsalında da dinamik artım qeydə alınmışdır. 2012-ci ildə rayonda illik istehsal gücü 500 ton olan quşçuluq fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Məruzədə, həmçinin əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunmuş, bu sahədə mövcud olan nöqsan və problemlərə toxunulmuş, çatışmazlıqların aradan qaldırılması üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rafil Hüseynov çıxış edərək 2011-ci ildə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi sahələrdə qazanılan uğurlar barədə danışmış, qarşıda duran vəzifələrə toxunmuşdur.
2011-ci ildə rayonun sosial-iqtisadi və ictimai həyatında fərqlənənlərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.