Dövlət sərhədlərimizin mühafizəsində ərazidəki rayonların əhalisi də yaxından iştirak edir
Sərhədlərin mühafizəsi işinin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan amillərdən biri də yerli əhalinin dövlət sərhədlərimizin mühafizəsində iştirakıdır. Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi münasibətilə avqustun 1-də Zaqatala şəhərində Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin təşkilatçılığı ilə “Sərhədlərimizin mühafizəsində yerli əhalinin iştirakı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Balakən, Zaqatala və Qax rayonlarının 21 sərhədyanı yaşayış məntəqəsinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, sərhədçi veteranlar iştirak edirdilər. Rayon rəsmiləri, hərbi hissənin əsgər və zabitləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər. Tədbir iştirakçıları daha sonra rayon mədəniyyət evinin foyesində Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış oldular. Tədbirdə Zaqatala Sərhəd Dəstəsinin rəisi, polkovnik Hicran Hüseynov, Dövlət Sərhəd Xidmətinin məsul işçisi, polkovnik İzzəddin Musayev və rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən yüksək dövlət qayğısından, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunan uğurlardan ətraflı bəhs etdilər. Bildirildi ki, dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğu və onun qorunması işi hər bir ölkənin müstəqilliyini şərtləndirən əsas amillərdən biridir. Bu gün Sərhəd Qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan, Azərbaycan Prezidentinə, dövlətçiliyinə sadiq, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz edilən, peşəkar zabit korpusuna malik bir quruma çevrilib. Sərhədçi veteran polkovnik-leytenant Cavanşir İsmayılov keçdiyi xidmət yolundan, dövlət sərhədinin mühafizəsində yerli əhalinin rolundan danışdı. Dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərən bir qrup yerli sakinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu. Tədbirin sonunda qəhrəman sərhədçilərimizdən bəhs edən film nümayiş etdirildi.