Zaqatalada iftar süfrəsi
Müqəddəs Ramazan ayı münasibətilə Zaqatala şəhərindəki “Talaçay” sarayında iftar süfrəsi açılıb. Oruc tutanların, dindarların, şəhid ailələri üzvlərinin, kimsəsizlərin, habelə rayon ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasimdə çıxış edənlər qarşıdan gələn Ramazan bayramı münasibətilə xalqımıza təbriklərini çatdırıb, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına göstərilən yüksək dövlət qayğısından bəhs ediblər.
Mərasimdə Ramazan ayının fəzilətləri barədə geniş söhbət açılıb. Bildirilib ki, Ramazanın müqəddəsliyi Qurani-Kərimin məhz bu ayda nazil olması ilə bağlıdır. Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar səsləndirilib. İşğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, belə iftar mərasimlərinin əzəli torpağımız olan Qarabağda təşkil olunacağına əminlik bildirilib.