Cari ilin birinci yarısında Zaqatalada 977 yeni iş yeri açılıb
2014-cü ilin birinci yarısında Zaqatala rayonunda 78,9 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sənayedə məhsul istehsalı 66,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 8,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,2 faiz, rabitə xidmətlərinin həcmi 25,4 faiz, ticarət xidmətlərinin həcmi isə 3,5 faiz artıb. Bu müddətdə rayonda 941-i daimi olmaqla, 977 yeni iş yeri açılıb.
Bu faktlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasından irəli gələn vəzifələr və ilin birinci yarısında rayonda görülən işlərlə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında hesabat məruzəsində səsləndirildi.
Məruzədə, həmçinin qeyd olundu ki, cari ilin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına 13,4 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. Birinci yarımillikdə Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün inşa edilən yeni binanın tikintisi başa çatdırılıb, Qandax kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsi tikilib istifadəyə verilib. Rayon maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binasının, Dövlət Yanğından Mühafizə Xidmətinin rayon şöbəsinin depo binasının tikintisi davam etdirilib. Diqqətə çatdırıldı ki, ilin birinci yarısında 2012-ci ilin mayında baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən Aşağı Tala, Yuxarı Tala və Kürdəmir kəndlərində 600, 360 və 50 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Eyni zamanda, Yuxarı Tala kəndində 2 nömrəli tam orta məktəb üçün inşa edilən 450 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına Əliabad qəsəbəsi, Aşağı Tala və Muxax kəndlərində zəlzələdən zərər çəkmiş uşaq bağçalarında bərpa-gücləndirilmə işləri başa çatdırılaraq balacaların istifadəsinə verilib. Hazırda 6 uşaq bağçasında bərpa-gücləndirilmə işləri davam etdirilir. İlin birinci yarısında Heydər Əliyev Fondunun cəmiyyətə təqdim etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Zaqatala şəhərində 100 yerlik iki uşaq bağçasının tikintisinə başlanılıb. Bildirildi ki, ötən dövrdə Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda tikinti işləri davam etdirilərək, ümumilikdə, yolun 21 kilometrlik hissəsinə asfalt örtüyü döşənib. “Zaqatala şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsi çərçivəsində gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab su təmizləyici qurğular sisteminin tikintisi də artıq başa çatdırılıb. Hazırda sazlama, fərdi evlərin yeni xətlərə qoşulması və sayğacların aktivləşdirilməsi işləri aparılır. Artıq rayonda 6 mindən çox abonentə yeni istifadəyə verilən şəbəkədən içməli su xidməti göstərilir.
Bildirildi ki, aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 32 milyon manata çatıb. Fermerlər 9835 hektar sahədən 18 min 788 ton taxıl götürüblər. Təsərrüfatlarda 2641 ton kartof, 2189 ton tərəvəz, 180 ton bostan məhsulları, 13,4 ton quru tütün, 700 ton meyvə, 16 ton yaşıl çay yarpağı istehsal olunub. Məhsul istehsalçılarının ehtiyacını ödəmək məqsədilə “Aqrolizinq” ASC-nin rayon filialına 4 ədəd təzə taxılyığan kombayn gətirilib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasına uyğun olaraq əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayonun kəndlərində 7 ədəd yeni subartezian quyusu qazılıb. İlin sonunadək daha 10 quyunun qazılması nəzərdə tutulur.
İclasda , həmçinin 2014-cü ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olundu, qarşıda duran vəzifələrə toxunuldu.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zəminə Qədirovaya və “Tərəqqi” medalı ilə təltif edilən Zaqatala Melioservis İdarəsinin direktoru İdris Qurbanova mükafatlar təqdim olundu.