Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada səyyar “ASAN xidmət”ə ilk beş gündə 2 mindən artıq müraciət qeydə alınıb

16 iyul 2014 | 15:00

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu iyulun 10-dan başlayaraq Zaqatala şəhərində şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarının sakinlərinə səyyar formada xidmətləri davam etdirir.Müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və sair daxildir.
Əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Zaqatala şəhərinin mərkəzində, rayon mədəniyyət evinin qarşısındakı ərazidə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə götürülürlər. Daha sonra onlar növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər. Burada hamı üçün bərabər imkanlar yaradılıb. Vətəndaşlar vaxt itirmədən, heç bir maneə ilə rastlaşmadan öz istədiklərinə nail olurlar. Xidmətin əməkdaşları müraciət edən vətəndaşlara qarşı olduqca nəzakətli davranırlar. “ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Nail Məmmədov AzərTAc-a bildirib ki, əsas məqsədimiz dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, vətəndaş məmnunluğuna nail olmaqdır. Qrupun rəhbərinin bildirdiyinə görə, ilk beş gündə səyyar “ASAN xidmət”ə 2 mindən artıq müraciət qeydə alınıb. Gün ərzində olunan müraciətlərin arasında notariat fəaliyyəti, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı xidmətlər üstünlük təşkil edir. Müraciət edənlərin sayı isə gündən-günə artmaqda davam edir. Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirir, insanların rahatlığının təmin edilməsinə yönələn belə tədbirləri çox yüksək qiymətləndirir, səyyar xidmətlərin təşkilinə görə bölgə əhalisi adından dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər. Zaqatalada səyyar “ASAN xidmət” iyulun 25-dək davam edəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2014-cü ilin sonunadək səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər