Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan regionları son 10 ildə: dinamik inkişafın xronikası Dövlət proqramlarının uğurlu icrası Zaqatalanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərə səbəb olmuşdur

13 iyul 2014 | 15:00

Müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlar bir daha sübut edir ki, ölkəmizdə inkişafın strateji istiqamətləri düzgün müəyyənləşdirilmişdir. Müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində son illər xalqımızın həyat səviyyəsi daha da yüksəlmiş, ölkə vətəndaşlarının firavan yaşayışı təmin olunmuşdur. Bu iqtisadi yüksəliş regionların sosial-iqtisadi inkişafında xüsusilə qabarıq şəkildə özünü göstərir.
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icra edilməsi bölgələrin canlanmasına, burada müasir infrastrukturun yaradılmasına, yeni iş yerlərinin açılmasına, insanların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxarmışdır. Regional inkişaf üzrə hər iki dövlət proqramının uğurlu icrası Zaqatala rayonunun sosial-iqtisadi həyatında da əsaslı dəyişikliklərə səbəb olmuş, rayon iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoymuşdur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2004-2013-cü illərdə rayonda ümumi məhsul buraxılışının həcmi 7,1 dəfə artaraq, 44 milyon 845 min manatdan 316 milyon 523 min manata çatmışdır. Son 10 il ərzində rayonda sənaye məhsulu istehsalı 17,1 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,1 dəfə, tikinti işlərinin həcmi isə 12,9 dəfə artmışdır.
Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində ötən dövr ərzində rayonda Beynəlxalq Hava Limanı, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, 3500 yerlik stadion, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 28 və 36 mənzilli iki bina, 4 otel, illik istehsal gücü 3 min ton olan tütün və gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodları tikilib istifadəyə verilmiş, Daxili Qoşunların “N” saylı hərbi hissəsi üçün yeni şəhərcik salınmışdır. Bundan əlavə, rayonda illik istehsal gücü 500 ton olan quş əti istehsalı müəssisəsi, 8 fındıq emalı müəssisəsi, gündəlik emal gücü 5 ton olan müxtəlif fındıq məmulatları istehsalı sexi, həmçinin mineral sular və meyvə-tərəvəz emalı sexləri, məişət tullantılarının idarə edilməsi poliqonu, beton zavodu fəaliyyətə başlamış, bir sıra qurumların yerli şöbələri üçün yeni inzibati binalar tikilmişdir. Zaqatala şəhərində Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuş, parkda Ulu Öndərin abidəsi ucaldılmış, ərazidə Heydər Əliyev Mərkəzi yaradılmışdır. Rayon mədəniyyət evi və rayon mərkəzi xəstəxanası əsaslı təmir olunmuş, şəhərin “Qala düzü” pilləkənləri yenidən qurulmuşdur. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ötən dövr ərzində Zaqatala rayonunda infrastrukturun bərpası, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, sakinlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Tala çayı üzərində 172 metr uzunluğunda asma körpü salınmış, Tala-Meşleş avtomobil yolunun üzərində 185 metr, Car kəndində Bəkməz çayı üzərində 24 metr uzunluğunda yeni körpülər inşa edilmiş, Muxax çayı üzərindəki 160 metr uzunluğunda körpü bərpa olunmuşdur. Kəndlərarası yolların 68 kilometrlik hissəsinə asfalt örtüyü döşənmişdir. Dağ çaylarında 8566 paqonmetr uzunluğunda sahilbərkitmə işləri aparılmış, su təminatının yaxşılaşdırılması məqsədilə kəndlərdə 53 ədəd artezian quyusu qazılmış, yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə 391 kilometr uzunluğunda qaz xətləri çəkilmiş, təbii qaz istifadəçilərinin sayı 12 min 250 abonentə çatdırılmışdır.
“Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsi çərçivəsində ikinci mərhələnin işləri yekunlaşmış, təmizləyici qurğunun tikintisi başa çatdırılmış, sayğacların quraşdırılmasına başlanmışdır. Bütün bu işlər rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanmışdır. Son illər respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Ümumiyyətlə, 2004-2013-cü illərdə rayonda 12 min 770 şagird yerlik 42 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 3 min 805 şagird yerlik 8 məktəb binası isə əsaslı təmir olunmuşdur. Bu məktəb binalarından 5-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir. Həmçinin 2012-ci ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətə düşmüş məktəblər üçün 5810 şagird yerlik 20 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Regional inkişaf proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası Zaqatala rayonunda da sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artmasına təkan vermişdir. 2004-2013-cü illərdə rayonda sahibkarlığın inkişafı istiqamətində davamlı iş aparılmış, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına sahibkarlara 247 layihə üzrə 9 milyon 549 min manat məbləğində güzəştli kredit verilmişdir. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində son 10 ildə rayonda 11 min 193-ü daimi olmaqla, 16 minə yaxın yeni iş yeri yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icra vəziyyəti ilə yerində tanış olmaq məqsədilə bölgələrə davamlı səfərləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı 2006-2013-cü illər ərzində 6 dəfə Zaqatala rayonuna səfər etmiş, görülmüş işlərlə maraqlanmış, yeni tikilmiş obyektlərin açılışında iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərində Prezident İlham Əliyev Zaqatalanı Azərbaycanın çox gözəl guşəsi, ən inkişaf etmiş rayonlarından biri kimi səciyyələndirmişdir. Belə görüşlərdən birində dövlətimizin başçısı demişdir: “Bütövlükdə Zaqatala rayonunda işlər yaxşı gedir, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları icra edilir. Həm Zaqatala şəhərində, həm də kəndlərdə böyük quruculuq işləri aparılır”. Prezident İlham Əliyevin rayona hər bir səfəri zaqatalalıların gələcəyə inamını, qurmaq, yaratmaq həvəsini daha da artırmışdır. Hazırda rayonda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlərə başlanılmışdır. Tədbirlər planında rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, taxılçılığın, cins heyvandarlığın, meyvəçiliyin, gülçülüyün, çayçılığın inkişaf etdirilməsi, yerli əhəmiyyətli yolların tikintisi, yenidən qurulması, abadlıq və quruculuq işlərinin, sel sularından mühafizə tədbirlərinin davam etdirilməsi və digər məsələlər öz əksini tapmışdır. Zaqatalalılar qarşıya qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlarını bildirirlər.

Mustafa Dadaşov
AzərTAc-ın müxbiri

Keçidlər