Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasını diqqətdə saxlayır

12 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları bu il iyunun 29-da Zaqatala rayonunda baş vermiş zəlzələ ilə əlaqədar rayon İcra hakimiyyətində olmuşlar.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov ilə görüşdə bərpa işlərinin gedişi müzakirə edilmişdir.
Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov Ombudsmanın insan hüquqlarının müdafiəsini və təmin olunmasını daim diqqət mərkəzində saxladığını vurğulamış, Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində rayonda aparılan işlərin gedişi ilə maraqlandığını bildirmişdir. Rayon icra hakimiyyəti başçısının birinci müavini E.Ramazanov müvəkkilin təbii fəlakət zonasında yaşayan əhalinin vəziyyəti ilə bağlı göstərdiyi diqqət və qayğıdan məmnun olduğunu qeyd etmişdir. O, baş vermiş zəlzələ nəticəsində ərazidəki kommunal xətlərə və təhsil müəssisələrinə, demək olar ki, zərər dəymədiyini söyləmişdir.
Lakin bəzi səhiyyə müəssisələrinə dəymiş zərərlə bağlı rayon icra hakimiyyətinə daxil olmuş məlumatların, həmçinin sakinlərin müraciətlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) rayonda fəaliyyət göstərən komissiyalarına təqdim edildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, həmin komissiyalar tərəfindən hazırda yerlərdə müvafiq baxışlar keçirilir və lazımi tədbirlər görülür. Qeyd olunmalıdır ki, Ombudsman təbii fəlakət zonasına dəfələrlə səfərlər etmiş, zərər çəkmiş əhali ilə görüşmüşdür.
E.Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirmiş, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı rayonlarında təşkil edilmiş ictimai dinləmələrdə müvafiq icra hakimiyyəti başçıları, məhkəmə, prokurorluq, polis, digər aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin nümayəndələri ilə birgə həm də bu regionda baş vermiş zəlzələlər, torpaq sürüşmələri nəticəsində bəzi evlərin, sosial obyektlərin qəzalı vəziyyətə düşməsi və yaranmış digər çətinliklərlə, əhaliyə, müəssisələrə dəymiş zərərin aradan qaldırılması, onların əmlakının və asayişinin mühafizəsinin təmin olunması ilə bağlı məsələləri də müzakirəyə çıxarmışdır. Bu istiqamətdə problemlərin həllinə birgə səylərlə nail olmağın mümkünlüyünü vurğulamışdır.
Qeyd olunmuşdur ki, əhalinin təbii fəlakətlə üzləşdiyi əvvəlki hadisələrdə də Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında FHN-in operativ qərargahı yaradılmış, insanlar ərzaqla, çadır və digər sığınacaqlarla təmin edilmişlər. Zərər çəkmiş əhali üçün yeni evlər inşa edilmiş, qəzalı vəziyyətə düşən məktəb binaları bərpa olunmuşdur. Bu dəfə də FHN ehtiyacları aradan qaldırmaq üçün operativ və dinamik tərzdə lazımi tədbirlər həyata keçirir.

Keçidlər