Zaqatalada folklor turizminin inkişaf perspektivləri müzakirə edilmişdir
İyunun 19-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, AMEA-nın Folklor İnstitutunun və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda folklor turizmi: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən “Calğalıq” turizm mərkəzində keçirilən tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən rayonda son illər turizmin inkişafı məqsədilə reallaşdırılan davamlı tədbirlərdən söz açmışdır.
Bildirilmişdir ki, rayonda turizmin bir çox növlərinin, o cümlədən folklor turizminin inkişafı etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İyirmidən artıq millətin nümayəndələrinin yaşadığı Zaqatala həm də zəngin folklor ənənələrinə malikdir. Tədbirdə AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov və başqaları çıxış edərək ölkəmizdə turizmin inkişafına dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışlar. “Dəyirmi masa”da, həmçinin “Azərbaycan reallığında folklor turizmi”, “Turizmin inkişafında tarixi abidələrin rolu”, “Folklorda yaşayan toponimlərimiz” mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Turizm sahəsinin inkişafına verdiyi töhfələrə görə rayon mədəniyyət və turizm şöbəsinin, turizm-istirahət mərkəzlərinin rəhbərlərinə fəxri fərmanlar təqdim olunmuşdur. Tədbirdə rayonun folklor kollektivləri maraqlı konsert proqramı təqdim etmişlər.