Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Rayon Məhkəməsinin yeni inzibati binasının təməli qoyulmuşdur

07 iyun 2014 | 15:00

Zaqatala Rayon Məhkəməsinin yeni inzibati binasının təməli qoyulmuşdur

  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır. Son illər müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiyaları texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilmiş, ölkəmizdə konseptual baxımdan yeni olan, bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin binalarının təməli qoyularaq intensiv inşasına başlanılmışdır.
2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində bir çox yaşayış və sosial obyektlərlə yanaşı, rayon məhkəməsinin binası da qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə məhkəmənin fəaliyyəti müvəqqəti olaraq digər binada davam etdirilmişdir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Zaqatala Rayon Məhkəməsi üçün torpaq sahəsi ayrılmış, yeni binanın layihələndirilməsi ilə bağlı müvafiq hazırlıq işləri aparılmışdır.
İyunun 6-da Zaqatala Rayon Məhkəməsinin yeni müasir inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, habelə bölgənin hakimləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. Tədbirdən əvvəl Ədliyyə Nazirliyinin və rayon icra hakimiyyətinin rəsmiləri ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra nazir Fikrət Məmmədov bu ərazidə inşa edilən və tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzinin yeni binasında aparılan tikinti və tərtibat işləri ilə tanış olmuşdur. Təməlqoyma mərasimindən öncə tədbir iştirakçıları Zaqatala Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərə baxmışlar. Məlumat verilmişdir ki, ümumi sahəsi 2,3 min kvadratmetr olan, üç mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqla təchiz olunacaqdır. Binada videokonfransların, elektron sənəd dövriyyəsinə və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.
Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlətimizin başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, son illər regionlarda 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı iki dəfə artırılmış, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi aparılmış, eləcə də maddi təminatı xeyli yaxşılaşdırılmışdır.
Bildirilmişdir ki, Dünya Bankı ilə birgə həyata keçirilən və beynəlxalq aləmdə ən uğurlu layihə hesab olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” çərçivəsində indiyədək bir neçə yeni məhkəmə binası tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, yeni məhkəmə komplekslərinin inşası davam etdirilməkdədir. Nazir Fikrət Məmmədov zəlzələ nəticəsində Zaqatala Rayon Məhkəməsinin binasının zədələndiyini, buna görə də yeni müasir binanın inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla, məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin edilməsinə, vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət göstərəcəyinə əminliyini bildirmişdir. Məhkəmələrdə qabaqcıl informasiya-kommunikasiyaları texnologiyalarının tətbiqinə toxunan nazir, bu sahədə strateji prioritetləri müəyyən edən Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti olduğunu qeyd etmiş, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin olunmasına, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyini vurğulamışdır.
Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Sonra məhkəmə binasının təməli qoyulmuşdur. Tikinti işlərinin bir il müddətinə başa çatdırılması nəzərdə tutulur. Həmin gün nazirliyin rəsmiləri regionun məhkəmə və ədliyyə orqanlarına, o cümlədən qeydiyyat, notariat və icra qurumlarına baş çəkərək onların fəaliyyəti və problemləri ilə maraqlanmış, iş şəraiti ilə tanış olmuşlar. Sonra bölgənin hakimləri və ədliyyə işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilmişdir. Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər, o cümlədən qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, habelə əmək və icra intizamının möhkəmləndirilməsi və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Müşavirədə, həmçinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına dönmədən riayət olunması və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, vətəndaşların müraciətlərinə daha həssas və qayğı ilə yanaşılması və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilmişdir.
Eyni zamanda, icra məmurları tərəfindən icra prosesi zamanı insan hüquqlarına ciddi əməl olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verilmişdir.

Keçidlər