Azərbaycanda ilk demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının məntiqi nəticəsi kimi meydana çıxmışdı
Azərbaycanda ilk demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının məntiqi nəticəsi kimi meydana çıxmışdı
Mayın 26-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Konfransda “Şərəfli istiqlal yolunun başlanğıcı” mövzusunda məruzə və çıxışlar dinlənilmişdir. Bildirilmişdir ki, 96 il bundan əvvəl, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Xalqımızın milli oyanış və dirçəlişinin məntiqi nəticəsi kimi meydana çıxan bu respublika milli dövlətçilik ənənələrimizin əsasını qoymuş, gələcək müstəqilliyimiz üçün möhkəm zəmin yaratmışdır. Çıxış edənlər XX əsrin sonunda xalqımızın yenidən öz müstəqilliyinə qovuşduğunu bildirmiş, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını, məhz Ulu Öndərin polad iradəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını, dünya dövlətləri arasında layiqli yer tutduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yeni inkişaf dövrünü yaşayır.
Konfransın sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.