Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın ucqar dağ kəndlərində qəzalı məktəblər üçün tikilmiş daha iki yeni bina istifadəyə verilmişdir

18 may 2014 | 15:00

Zaqatala rayonunun ucqar və dağlıq ərazidə yerləşən Cimcimax və Qarqay kəndlərində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş orta və ümumi orta məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən 80 və 50 şagird yerlik yeni məktəb binaları kollektivlərin istifadəsinə verilmişdir.
Rayon rəhbərliyinin və kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimlərində iki il əvvəl bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunmuşdur. Bildirilmişdir ki, təbii fəlakət nəticəsində Zaqatala rayonunda minlərlə fərdi ev, habelə xeyli sayda sosial təyinatlı obyekt, o cümlədən məktəb binaları qəzalı vəziyyətə düşmüşdür. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, qəzalı tikililər qısa müddət ərzində sökülmüş, yerində xüsusi layihələr əsasında zəlzələlərə davamlı yeni evlər və binalar tikilmişdir. Diqqətə çatdırılmışdır ki, Zaqatala rayonunun zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində indiyədək 22 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Daha iki məktəb binasının, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni binanın tikintisi yekunlaşmaq üzrədir.
Kənd sakinləri çıxış edərək zəlzələdən zərər çəkmiş əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Məktəb binalarının açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər