Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən açıq tarix dərsləri Ulu Öndərin irsinin öyrənilməsi baxımından çox əhəmiyyətli olmuşdur

20 may 2014 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin dərindən öyrənilməsi məqsədilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müəyyən olunmuş mövzular üzrə keçirilən açıq tarix dərsləri müvəffəqiyyətlə başa çatmışdır. Fevralın əvvəlində başlanan və dörd aya yaxın davam edən bu dərslər Ulu Öndərin dövlət quruculuğu sahəsindəki səmərəli fəaliyyəti, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə yetişməkdə olan gənc nəslin nümayəndələrinə daha ətraflı və dolğun məlumatların çatdırılması məqsədi daşımışdır.
“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə keçirilən açıq dərslərdə rayonun 49 tam orta məktəbində təhsil alan 1220 nəfər XI sinif şagirdi iştirak etmişdir. Açıq dərslərə yüksək peşəkarlığı, elmi-nəzəri biliyi və metodiki hazırlığı ilə seçilən qabaqcıl müəllimlər cəlb edilmişlər. Tədris prosesində şagirdlər Ulu Öndərin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti, özəlləşdirmənin həyata keçirilməsi, dünya iqtisadiyyatına inteqrasiya, ölkəyə xarici investorların cəlb edilməsi, beynəlxalq iqtisadi layihələrdə iştirakın təmin olunması, makroiqtisadi sabitliyin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, milli neft strategiyasının əsasının qoyulması, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və digər məsələlər barədə dolğun məlumatlar əldə etmişlər. Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə keçirilən açıq dərslər bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr edən dahi rəhbərin Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlərin gənclərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu dərslərin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsi rayonun təhsil işçiləri və ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır.

Keçidlər