20 Yanvar faciəsi qəhrəmanlıq və şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon uşaq və ailələrə dəstək mərkəzinin dəstəyi ilə yanvarın 18-də Zaqatala şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Nəsillərdən-nəsillərə qəhrəmanlıq örnəyi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Zaqatala şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qırmızı qərənfillər düzmüş, daha sonra tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzində uşaqların qanlı Yanvar mövzusunda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva açaraq, bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirmişdir. O, 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə Milli Məclisin deputatı Kamilə Əliyeva, AQUPDK-nın nümayəndəsi Aydın Rəcəbli, rayon uşaq və ailələrə dəstək mərkəzinin rəhbəri Cövhərat İbrahimova çıxış edərək Qanlı Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, insanlığa sığışmayan acı nəticələri, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin fədakarlığı barədə danışmış, şəhidlərin ölməz ruhu qarşısında baş əydiklərini bildirmişlər. Natiqlər 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını, gələcək nəsillər üçün örnək olduğunu bildirmişlər. Faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağı, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı xüsusi vurğulanmışdır.
Çıxışlarda qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanmış, bu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi bildirilmişdir. Dövlətimizin başçısının 20 Yanvar şəhidlərinin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.