Zaqatalada faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd olunmuşdur
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü Zaqatala rayonunda da geniş qeyd olunmuşdur.
Rayon rəhbərliyi, müharibə veteranları və ictimaiyyətin nümayəndələri əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə Zaqatala şəhərində ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül-çiçək düzmüş, igid həmvətənlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Abidənin önündə xatirə şəkli çəkdirilmişdir.
Sonra bayram tədbiri “Ulduz” şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə çıxış edənlər müharibə veteranlarını əlamətdar gün münasibətilə təbrik etmiş, onlara xoş arzularını bildirmiş, cansağlığı arzulamışlar.
Qeyd olunmuşdur ki, faşizm üzərində tarixi qələbənin əldə edilməsində Zaqatala rayonundan cəbhəyə yola salınmış 7 minə yaxın həmvətənimizin də böyük rolu və payı olmuşdur.
Bildirilmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 May - Qələbə Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Hazırda ölkəmizdə müharibə veteranlarına, həmin illərdə arxa cəbhələrdə çalışanlara dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Prezident İlham Əliyevin son sərəncamları ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həmçinin arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardımın verilməsi, müharibədə iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması, Böyük Vətən müharibəsi əlillərinin avtonəqliyyatla təmin edilməsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi bu qayğının bariz nümunəsidir.
Müharibə veteranları çıxış edərək keçdikləri döyüş yolundan danışmış, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda Böyük Vətən müharibəsi veteranlarına maddi yardım göstərilmişdir.