Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin doğum günü ərəfəsində Zaqatalada yeni sosial obyektlər istifadəyə verilmişdir

08 may 2014 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Zaqatala rayonunda silsilə tədbirlər davam edir.
Ulu Öndərin doğum günü ərəfəsində- mayın 7-də rayonun Göyəm kəndində əsaslı təmir olunmuş həkim məntəqəsinin, Əliabad qəsəbəsi ərazisində isə yerli sahibkar tərəfindən inşa edilmiş “Xalça evi”nin açılış mərasimləri olmuşdur.
Tədbirlərdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak etmişlər.
Göyəm kəndində keçirilən mərasimdə çıxış edənlər bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs etmiş, dahi rəhbərin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu xüsusi vurğulamışlar.
Həkim məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılmış şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, on üç otaqdan ibarət həkim məntəqəsi yerli büdcə vəsaiti hesabına əsaslı təmir olunmuşdur. Binada müasir istilik sistemi quraşdırılmış, otaqlar yeni inventar və avadanlıqla təchiz edilmişdir.
Sonra rayon rəhbərliyi Əliabad qəsəbəsi ərazisində sahibkar Mahir Bağırov tərəfindən yeni inşa edilmiş “Xalça evi”nin açılışında iştirak etmişdir.
Mərasimdə qeyd olunmuşdur ki, respublikamızda milli mənəvi dəyərlərimizin qorunmasına ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul olunması bu qayğıya bariz nümunədir.
Sonra tədbir iştirakçıları “Xalça evi”ndə yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Hər mərtəbəsi 156 kvadratmetr olan ikimərtəbəli binada xalça toxunması üçün xüsusi dəzgahlar quraşdırılmışdır. Burada xalçadan əlavə, yataq dəstləri və digər yun məmulatlarının istehsalı da nəzərdə tutulur.

Keçidlər