Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun ucqar kəndində Yaponiya hökumətinin maliyyə yardımı ilə yeni tibb məntəqəsi tikilmişdir

06 may 2014 | 15:00

Mayın 5-də Zaqatala rayonunun Qandax kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak etmişdir.
Mərasimdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında əlaqələr bütün sahələr üzrə uğurla davam etdirilir. Azərbaycanda bütün sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Son illərdə Zaqatala rayonunda səhiyyənin maddi-texniki bazası xeyli gücləndirilmiş, rayon mərkəzi xəstəxanası əsaslı təmir olunmuş, Müalicə Diaqnostika Mərkəzi, 50 çarpayılıq vərəm xəstəlikləri xəstəxanası, kəndlərdə yeni tibb məntəqələri tikilib istifadəyə verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Yaponiya hökumətinin maliyyə yardımı ilə indiyədək Zaqatala rayonunda təhsil, səhiyyə və ekologiya sahələrini əhatə edən 6 layihə reallaşmışdır. Bu layihələrin ümumi dəyəri 621 min ABŞ dolları təşkil edir. “Qandax kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma İnkişafı” Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında 2013-cü ilin noyabrında imzalanmışdır. Layihənin məqsədi Qandax və digər qonşu iki kəndin sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Ümumi dəyəri 121 min 938 ABŞ dolları olan bu layihədən 6 min nəfərə yaxın kənd sakini faydalanacaqdır.
Zaqatala rayonuna ilk dəfə səfər etdiyini bildirən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi səfirliklə rayon icra hakimiyyəti arasında çox səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulamış, bu münasibətlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Qrant yardımı proqramı çərçivəsində indiyədək Azərbaycanda 182, o cümlədən Zaqatala rayonunda 6 layihənin reallaşdığını diqqətə çatdıran Tsuquo Takahaşi tibb, təhsil, ətraf mühit və digər sahələri əhatə edən bu layihələrin əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirmişdir.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılmış şəraitlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, tibb məntəqəsi indiyədək ötən əsrin 50-ci illərində inşa edilmiş binada fəaliyyət göstərmişdir. Müasir standartlara uyğun inşa edilən birmərtəbəli binada stomatoloji kabinet, qadın məsləhətxanası, həkim otaqları fəaliyyət göstərir.

Keçidlər