Zaqatalada Çernobıl qəzası iştirakçıları qayğı ilə əhatə olunmuşlar
25 Apreldə Zaqatala Rayon İcra Hakimiyyətində XX əsrin ən böyük radiasiya fəlakəti olan Çernobıl qəzasının ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Çernobıl qəzası iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Çernobıl qəzasının səbəbləri və acı nəticələrindən ətraflı bəhs edilmişdir. Bildirilmişdir ki, dünyanın ən böyük nüvə fəlakəti olan Çernobıl qəzasından 28 il keçir. 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda baş vermiş qəza bütün dünyanı sarsıtmış, böyük bir ərazini xarabazara çevirmişdir. Qəza yüzlərlə adamın həyatına son qoymuş, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalmış, sağlamlığını itirmiş, ömürlük əlil olmuşdur.
Diqqətə çatdırılmışdır ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən artıq azərbaycanlı həyatını risqə ataraq dəhşətli bəla ilə mübarizəyə qoşulmuş, öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmişlər. Ötən dövr ərzində onlardan iki min nəfərdən çoxu müxtəlif xəstəliklərdən dünyasını dəyişmişdir.
Qeyd olunmuşdur ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında Zaqatala rayonundan da 58 nəfər gənc iştirak etmiş, fədakarlıq göstərmişlər. Bu illər ərzində onlardan 10 nəfəri dünyadan köçmüşdür,
Bildirilmişdir ki, həmin vaxt keçmiş Sovetlər İttifaqının rəhbərlərindən olan ümummilli liderimiz Heydər Əliyev Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması işinə rəhbərlik etmiş, dəfələrlə fəlakət zonasında olmuşdur. Görkəmli dövlət xadiminə Çernobıl qəzasının nə demək olduğu hamıdan yaxşı bəlli idi. Məhz bu səbəbdəndir ki, Ümummilli Liderin qayğı və təşəbbüsü sayəsində 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və müdafiəsi haqqında” Qanun qəbul etmişdir.
Tədbirdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Vahid Ömərov, Hacı Əliyev və başqaları çıxış edərək onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdən sonra Çernobıl qəzası iştirakçılarına maddi yardım göstərilmişdir.