Zaqatalada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır
Aprelin 25-də Zaqatala Rayon Mədəniyyət Evində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan qadınının həyat yolu” mövzusunda konfrans keçirilmişdir.
Nizami Gəncəvi adına Mərkəzi Kitabxananın təşkil etdiyi tədbiri rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova açaraq tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadınının bu gün cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirmiş, qadınların milli dövlət quruculuğunun ən müxtəlif sahələrində əzmlə çalışdıqlarını, böyük xidmətlər göstərdiklərini xüsusi vurğulamışdır.
Azərbaycan qadınının həyat yolundan bəhs edən slaydın təqdimatı olmuşdur.
Konfransda rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülniyar Məmmədovanın “Heydər Əliyev və qadın siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, ömrü boyu qadına böyük hörmət, dərin məhəbbət hissi bəsləyən ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun artmasına daim diqqətlə yanaşmış, ölkə iqtisadiyyatının idarə olunmasında onlara həmişə üstünlük vermişdir.
Konfransda, həmçinin “Azərbaycan ədəbiyyatında qadın obrazı”, “Azərbaycan qadınının həyat yolu”, “Zaqatala qadınları” və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur. Qeyd olunmuşdur ki, əsrlər boyu Azərbaycan qadını milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, övladlarımızın milli ruhda tərbiyə olunması kimi şərəfli vəzifəni öz öhdəsinə götürmüş və bu işin öhdəsindən layiqincə gəlmişdir.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan qadınlara üzvlük vəsiqələri təqdim edilmişdir.
Konfrans bədii proqramla başa çatmışdır.