Cari ilin ilk rübünün yekunları Zaqatala rayonu üçün uğurlu olmuşdur
Aprelin 17-də Zaqatala rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Toplantıda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və ilin ilk üç ayında rayonda görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, hesabat dövründə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 47,9, kənd təsərrüfatında isə 6,6 faiz artmışdır. Birinci rübdə rayonda 236-sı daimi olmaqla 253 yeni iş yeri açılmışdır.
Qeyd olunmuşdur ki, 2014-cü ilin birinci rübündə rayonda bütün maliyyə mənbələri hesabına 4,8 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülmüşdür. Bu müddətdə Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binalarının, Qandax kəndində tibb məntəqəsinin, Yuxarı Tala kəndində 2 nömrəli tam orta məktəb üçün 450 şagird yerlik məktəb binasının, həmçinin bir sıra dövlət qurumları üçün inzibati binaların, Dövlət Yanğın Nəzarəti Xidmətinin rayon şöbəsi üçün deponun tikintisi davam etdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, hesabat dövründə 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Kürdəmir kənd tam orta məktəbi üçün 50 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, Aşağı Tala kənd 3 və Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəblər üçün inşa edilən 600 və 360 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmışdır.
Məruzədə birinci rübdə aqrar sahədə görülən işlər ətraflı təhlil olunmuşdur. Ötən ilin payızında cari ilin məhsulu üçün əkilmiş 12082 hektar taxıl sahəsinə aqrotexniki qulluq olunduğu, eyni zamanda, 3514 hektar sahədə yazlıq bitkilərin əkildiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılmış, ilin birinci rübündə inzibati ərazilərdə, yol kənarlarında 83 mindən artıq ağac əkilmiş, 25 hektar sahədə mədəni meşə əkini aparılmışdır.
Qeyd olunmuşdur ki, “Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi” layihəsi çərçivəsində gündəlik məhsuldarlığı 10 min kubmetr olan təmizləyici qurğular kompleksinin tikintisi, həmçinin yaşayış evlərinin yeni çəkilmiş içməli su şəbəkəsinə qoşulması işləri davam etdirilmiş, 5 minədək abonentə yeni istifadəyə verilmiş şəbəkəyə içməli su buraxılmışdır.
Ötən müddətdə 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi davam etdirilmişdir.
Məruzədə, həmçinin ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.
Yığıncaqda əlaqədar xidmət təşkilatlarının, ayrı-ayrı idarə və müəssisələrin rəhbərləri görülmüş işlər barədə məlumat vermişlər.