Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin əziz xatirəsi yad edilmişdir

20 yanvar 2012 | 16:00

Bəşər tarixinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan “20 yanvar” faciəsinin 22-ci ildönümü ilə əlaqədar 20 yanvar 2012-ci il tarixdə Zaqatala rayonunda tədbir keçirilmişdir.
İlk öncə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirə kompleksinə gələrək şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmiş, önünə gül-çiçək düzmüşlər.
Daha sonra rayon mədəniyyət evində “20 yanvar-Şəhidlik Zirvəsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. İlk öncə tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş “Qan yaddaşı” adlı rəsm sərgisinə baxış keçirmiş, 20 yanvar faciəsində, eləcə də Azərbayacan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını və iştirakçılarını pisləyərək bəyanat verdiyini və bu bəyanatın xalqımızın haqq səsini müdafiə edən və onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir. Natiq qeyd etmişdir ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox iş görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və “20 Yanvar”ın faciəli tərəfləri ilə birlikdə Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu xüsusi vurğulanmışdır.
20 yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anma mərasimləri, foto və rəsm sərgiləri təşkil olunmuş, məktəblilər arasında inşa müsabiqələri keçirilmişdir. Rayon Olimpiya idman kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilmişdir.
Rayondakı bütün şəhid ailələrinə yardımlar göstərilmiş, ehsan süfrələri təşkil olunmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.
 

Keçidlər