Zaqatalada 8 mart-Beynəlxalq Qadınlar günü ərəfəsində silsilə tədbirlər keçirilmişdir.
07 mart 2014-cü il tarixdə Zaqatala rayonunda Qəbizdərə kəndinin qazlaşdırılması, Kürdəmir kənd ümumi orta məktəbinin, Muxax kənd uşaq bağçası-körpələr evinin və “Tala Çay” şadlıq sarayının yeni binalarının açılışları, o cümlədən 8 mart-Beynəlxalq qadınlar günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə Zaqatala rayon İcra Hakimiyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, kütləvi informasiya vasitələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları 7 may 2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 50 yerlik Kürdəmir kənd ümumi orta məktəbin yeni binasının açılış mərasimində iştirak etmişlər. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başısı Mübariz Əhmədzadə ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışmış, 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı rayonun təhsil infrastrukturuna da çox ciddi ziyan dəydiyini, onlarla məktəb binası, uşaq bağçasının qəzalı vəziyyətə düşdüyünü bildirmiş, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən FHN-nin müvafiq komissiyaları zəlzələdən dərhal sonra yerlərdə məktəblərə baxışlar keçirdiyini, qəzalı məktəb binalarının təcili söküldüyünü, yerində müasir standartlara uyğun, yüksək ballı zəlzələlərə davamlı yeni binaların tikintisinə başlandığının, qəzalı vəziyyətə düşmüş 23 məktəbdən artıq 19 məktəb yenidən tikilərək istifadəyə verildiyini qeyd etmişdir. Sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Məktəbin açılışından sonra tədbir iştirakçıları Muxax kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş və Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına əsaslı təmir olunmuş 60 yerlik uşaq bağçasının açılış mərasimində iştirak etmişlər. Mərasimdə çıxış edən uşaq bağçasının müdiri Güləbatın Əhmədova, valideynlər, yerli sakinlər zəlzələnin ciddi fəsadlar törətdiyi Zaqatala rayonunda qısa müddətdə müasir standartlara uyğun onlarla yeni məktəb binasının, uşaq bağçalarının tikilib istifadəyə verilməsini, bərpa və təmir olunmasını gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmiş, görülən bütün bu işlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar. Uşaq bağçası yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti ilə təmin olunmuş, uşaqlar üçün istirahət guşələri yaradılmışdır.
Sonra tədbir iştirakçıları Qəbizdərə kəndinə mavi yanacağın verilməsi münasibəti ilə təşkil olunmuş mərasimdə iştirak etmişlər. Mərasimdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin bölgə üzrə idarəsinin rəisi Qurban Mehdiyev sakinləri əlamətdar gün münasibətilə təbrik etmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmış, bildirmişdir ki, 244 nəfər əhalisi olan ucqar dağ kəndi olan Qəbizdərə kəndi də daxil olmaqla, rayonun 14 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin edilmişdir. Natiq öz çıxışında Mazıx və Qəbizdərə kəndlərinin qazlaşdırılması işinə ötən ilin iyununda başlandığını, bu məqsədlə polietilen və metal borularla 66.5 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkildiyini, mənzillərdə sayğacların quraşdırıldığı vurğulamışdır. Mərasimdə çıxış edən digər natiqlər, kənd ağsaqqalları və ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və evlərə təbii qazın verilməsinə başlanmışdır.
Daha sonra tədbir iştirakçıları 8 mart-Beynəlxalq Qadınlar günü ərəfəsində istifadəyə verilən “Tala Çay” şadlıq sarayının açılışında iştirak etmişlər. Mərasimdə çıxış edən obyektin sahibi, gənc sahibkar Anar Qəhrəmanov bu obyektin rayonda təşkil ediləcək mədəni-kütləvi tədbirlərdə, el şənliklərində, rəsmi bayramlarda istifadə oluna biləcəyini bildirmiş, bu cür tədbirlərin keçirilməsi üçün burada lazımi hər cür şəraitin olduğunu vurğulamışdır.
Şadlıq sarayının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları elə həmin şadlıq sarayında 8 mart-Beynəlxalq qadınlar günü münasibəti ilə təşkil olunmuş bayram tədbirində iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin qadınlarımıza həmişə qayğı və diqqət göstərdiyini, məhz ulu öndər tərəfindən “Azərbaycan qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncam, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalandığını qeyd etmiş, dahi rəhbərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, son illərdə müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verilməsi, onların orden və medallarla təltif olunmasının bunu bir daha təsdiq etdiyini xüsusi vurğulamışdır. Daha sonra natiq fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınlarının tarixin bütün dövrlərində səmərəli fəaliyyət göstərdiklərini bildirmiş, başda Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olmaqla bütün respublika qadınlarını təbrik etmiş, Zaqatalanın ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadın fəxri fərmanla mükafatlandırılmış, onlara bayram arzularını söyləmişdir. Şən musiqilərlə təşkil edilmiş bayram tədbirində qadınlara həsr olunmuş şerlər söylənilmiş, mahnılar oxunmuş, tamaşalar nümayiş etdirilmişdir. Tədbirdə iştirak edən bütün qadınlara tər güllər təqdim olunmuşdur.