Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda Xocalı soyqırımının 22-ci il dönümü qeyd edilmişdir.

26 fevral 2014 | 16:00

Zaqatala rayonunda Xocalı soyqırımının 22-ci il
dönümü qeyd edilmişdir.

25 fevral 2014-cü il tarixdə Zaqatala rayonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda məskunlaşmış Xocalı məcburi köçkünləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
      İlk öncə tədbir iştirakçıları Şəhidlərin xatirə kompleksini ziyarət etmiş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət “Xocalı, məktəblilərin gözü ilə” rəsm sərgisinə baxış keçirmişlər.  Daha sonra tədbir Rayon Mədəniyyət evində davam etdirilmişdir. Tədbir Xocalı faciəsinin qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Sonra Xocalı soyqırımına həsr olunmuş filmə baxış keçirmiş, Rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadənin  “XX əsrin ən qanlı faciəsi” adlı məruzəsi dinlənilmişdir. İcra başçısı çıxış edərək vəhşiləşmiş erməni millətçiləri keçmiç SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 22 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü qeyd etmiş, həmin gün Xocalıda 10 ailənin tamami ilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini xüsusi vurğulamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu vurğulamış, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu bildirmişdir.
Sonra tədbirdə çıxış edən Xocalı rayonu üzrə səlahiyyətli nümayəndə, məcburi köçkün Vaqif Allahverdiyev, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  layiqincə davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Məhz bu siyasətin məntiqi nəticəsi kimi, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsil səbəblərini bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyirlər. Natiqlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, qaçqın və məcburi köçgünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulamışlar.
Daha sonra tədbirdə iştirak edən Xocalılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına müraciət qəbul olunmuşdur. Sonra rayonda məskunlaşmış 20 Xocalı məcburi köçkün ailələrinə RİH başçısı tərəfindən maddi yardımlar göstərilmişdir.

Keçidlər