Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

28 aprel 2022 | 16:00

Müdrikliyi, nüfuzu və zəkası, eləcə də incəlik və qətiyyəti ilə Vətəninin, millətinin qeyrətini çəkən, onun inkişafı naminə fədakarcasına mübarizə aparan Azərbaycan qadınları əsrlər boyu qoyduqları izlərlə bu gün də şanlı tariximizdə yaşamaqdadırlar. Həyat və yaradıcılığı mənəviyyat, kamillik, müdriklik örnəyi olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva da bu gün məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır.

Bu fikirlər akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə aprelin 28-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Nur dolu ömür” mövzusunda tədbirdə səsləndirilib. Görkəmli alimin xatirəsinə həsr olunan tədbirdə rayonun ziyalı qadınları, təhsil, mədəniyyət və tibb işçiləri iştirak ediblər.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova çıxış edərək, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. O, yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.

Vurğulanıb ki, Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alim və ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşımızda durur.

Tədbirdə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərmin İbrahimova, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktorunun müavini Tamara Nurəliyeva, Zaqatala rayon Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin direktoru Kəmalə Əhmədova və başqaları çıxış edərək, akademik Zərifə Əliyevanın ömür yolundan, tibb elminin inkişafındakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, Zərifə xanım Azərbaycan qadınına xas yüksək humanizmi, həssaslığı, əxlaqi dəyərləri, insanpərvərlik keyfiyyətlərini, təşəbbüskarlığı parlaq şəxsiyyətində cəmləşdirən, hələ sovetlər birliyi dövründə respublika qadın hərəkatının önündə gedən nüfuzlu ziyalılardan olub. O, müasir tariximizə əbədi həkk olunan mənalı ömür yaşayıb, fədakar əməyi, çalışqanlığı, tədqiqatçılıq əzmi ilə tibb elminin ən uca pillələrindən birinə - akademiklik zirvəsinə ucalıb, məsuliyyətli, eyni zamanda, nümunəvi həyat yolu keçib. Zərifə xanımın parlaq siması göz önündə həm də qayğıkeş, sədaqətli həyat yoldaşı, mehriban ana, nəcib qadın kimi canlanır.

Keçidlər