Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur

20 fevral 2014 | 16:00

Zaqatalada 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur

Zaqatala Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilmişdir. Rayon rəhbərliyi və fəallar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, rayonda istehsal olunan məhsulların sərgisinə baxmışlar. Hesabat məruzəsində bildirilmişdir ki, ölkədə aparılan uğurlu siyasətin nəticəsi olaraq 2013-cü ildə Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafına nail olunmuş, məhsul istehsalı əvvəlki illə müqayisədə sənayedə 18 faiz, kənd təsərrüfatında isə 6,8 faiz artmış, pullu xidmətlərin həcmi 7,1 faiz çoxalmışdır. Hesabat ilində əsaslı kapitala yönəldilən investisiyaların həcmi 172,3 milyon manat, o cümlədən tikinti-quraşdırma işləri 145,1 milyon manat təşkil etmişdir. Rayonda 989-u daimi olmaqla, 1095 yeni iş yeri açılmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin ötən ilin avqustunda Zaqatala rayonuna növbəti səfəri zamanı Heydər Əliyev Fondunun vəsaiti ilə Bəhmətli kəndində inşa edilmiş 600 şagird yerlik yeni məktəb binasının və Zaqatala şəhərində yeni uşaq bağçasının açılış mərasimləri keçirilmiş, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Zaqatala şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsinə başlanılmışdır. Səfər çərçivəsində dövlətimizin başçısı, həmçinin Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Diqqətə çatdırılmışdır ki, bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər 2013-cü ildə də ardıcıl davam etdirilmiş, qəzalı vəziyyətə düşmüş daha 10 məktəb üçün yeni binalar tikilmiş, 6 məktəb binasında bərpa-gücləndirilmə işləri aparılmışdır. Bundan əlavə, Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına zəlzələdən zərər çəkmiş 9 uşaq bağçasında bərpa-gücləndirilmə və tikinti işlərinə başlanmışdır. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində zəlzələdən ötən müddət ərzində Zaqatala rayonunda 4 mindən çox fərdi ev, 23 məktəb binası, habelə uşaq bağçaları və digər sosial təyinatlı obyektlər tikilərək istifadəyə verilmiş, minlərlə vətəndaşa kompensasiya ödənilmişdir. Yığıncaqda bildirilmişdir ki, 2013-cü ildə Prezidentin Sərəncamı ilə rayona ayrılmış 5,5 milyon manat vəsaitin hesabına inşasına başlanılan Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun 14 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. Hazırda yolun qalan hissəsində tikinti işləri davam etdirilir. Hesabat dövründə Danaçı və Mazıx kəndləri qazlaşdırılmış, bununla da təbii qaz istifadəçilərinin sayı daha 1565 abonent artaraq 12 min 249-a çatdırılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kəndlərdə 6 subartezian quyusu qazılmışdır. Zaqatala şəhərində 500 nömrə tutumu olan yeni elektron ATS quraşdırılmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 47 layihə üzrə 701 min manat güzəştli kredit verilmişdir. Məruzədə, həmçinin 2013-cü ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması sahəsində görülən işlərdən də bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur. Məruzə ətrafında çıxışlarda və səslənən təkliflərdə Zaqatala şəhərində “ASAN xidmət” mərkəzinin açılması, nəqliyyatın intensiv hərəkət etdiyi Vidadi və Faiq Əmirov küçələrinin kəsişməsində piyada keçidinin inşa edilməsi, şəhərin mərkəzi hissəsindən keçən magistral avtomobil yolunun şəhərdən kənara çıxarılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni çoxmənzilli evlərin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunması və digər məsələlər öz əksini tapmışdır. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək 2013-cü ildə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi sahədə qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə danışmışlar.
2013-cü ildə səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər