Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə sərgi təşkil edilib

01 aprel 2022 | 16:00

Zaqatala rayon Mərkəzi Kitabxanası tərəfindən 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq kitablarından ibarət sərgi təşkil edilib. Zaqatala şəhər və Aşağı Tala kənd 1 saylı kitabxana filiallarının dəstəyi ilə şəhərin Dədə Qorqud meydanında təşkil olunan sərgidə uşaqların maraq dairəsinə uyğun kitablar nümayiş etdirilib.

Tədbir çərçivəsində kitabxanaçılar uşaqlara mütaliənin əhəmiyyətindən danışıb, onlara nağıllar oxuyublar. Tədbirdə iştirak edən həvəskar nağıl yazarları Nihat Heydərli və Raisə Hacıyeva uşaqlara hekayə və nağıl yazmağın sirləri barədə məlumat verib, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersinin dünyaya göz açdığı günün şərəfinə təsis edilib. Bu günün keçirilməsində əsas məqsəd uşaqların hərtərəfli inkişafında kitabın rolunu yüksəltmək, kitaba sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltməkdir.

Tədbirdə diqqətə çatdırılıb ki, ata və ananın uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri məhz mütaliə və kitaba sevgidir. Uşaq ikən oxunan kitabların təsiri çox güclü olur, şüurda və ya şüuraltı təsiri ömür boyu silinmir.

Keçidlər