Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni millətçilərinin törətdikləri vəhşiliklər, zorakılıqlar xalqımızın yaddaşından heç vaxt silinməyəcək

31 mart 2022 | 16:00

İki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub.

Bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zaqatala şəhərində keçirilən toplantıda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Toplantıda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun “Tariximizin silinməz izləri – 31 Mart” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə geniş məlumat verilib. Bildirilib ki, Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror aktlarının başlıca hədəfi təcavüzkar separatçılıq vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Ermənistanın soyqırımı və terror siyasəti nəinki Qafqaz bölgəsində sabitliyi pozur, eləcə də Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və bəzi dövlətlərin milli maraqlarını da təhdid edir.

Diqqətə çatdırılıb ki, ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməyib. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək və hüquqi-siyasi qiymət vermək mümkün olub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.

Məruzədə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu öz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında misli görülməmiş bir uğura imza atıb və işğal altında olan torpaqlarımız işğaldan azad olunub.

Toplantıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin rəis müavini Vidadi Şirməmmədov, Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Mahmudova, Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin direktoru Kəmalə Əhmədova çıxış edərək, erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.

Keçidlər