Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər
Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin
irsini dərindən öyrənirlər
Xalqımızın ümummilli lideri Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müəyyən olunmuş mövzular üzrə açıq dərslərin keçirilməsinə başlanılmışdır. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularına dair açıq dərslərdə indiyədək 300-dən artıq şagird iştirak etmişdir. Ümumiyyətlə, fevral-may ayları ərzində cədvəl üzrə keçiriləcək dərslərdə rayonun 48 ümumtəhsil məktəbində təhsil alan 1081 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur. Tədris prosesinə yüksək peşəkarlığı, elmi-nəzəri biliyi, metodiki hazırlığı ilə fərqlənən qabaqcıl müəllimlər cəlb edilmişlər. Dərslərdə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs olunur, dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri ətraflı təhlil olunur. Müəyyən olunmuş tezislər əsasında keçirilən dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilir. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu bildirilir, daxili və xarici siyasətdə əldə olunan uğurlar konkret faktlarla diqqətə çatdırılır. Dərslərdə Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanır.