Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirmə tədbiri təşkil edilib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edənlər dinin siyasiləşdirilməsi nəticəsində milli təhlükəsizliyə və mənəvi dəyərlərə qarşı yaranmış təhdidlər haqqında geniş məlumat veriblər. Müsəlmanlar üçün müqəddəs hesab edilən “Qurani-Kərim”, hədislər və digər dini motivli məlumatlar radikal-ekstremist dini qruplaşmalar və qeyri-ənənəvi dini cərəyanlar tərəfindən kontekstdən çıxarılaraq birbaşa dinin siyasiləşdirilməsinə yönəldildiyi bildirilib və bu gün siyasi proseslərdə dindən bir alət kimi istifadə edilməsi bəşəriyyəti narahat edən qlobal məsələlərdən olduğu qeyd edilib.
Vurğulanıb ki, Azərbaycan xalqının tarixən formalaşmış milli-mənəvi və dini dəyərlərinin din pərdəsi adı altında planlı fəaliyyət göstərən bəzi xarici qüvvələr və dini mərkəzlər tərəfindən istismarının qarşısının alınması üçün ölkə vətəndaşı olaraq hər kəs birlik nümayiş etdirərək mübarizə aparmalıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də sabitlik və əmin-amanlıq hökm sürür, ölkədə dini, milli, irqi və məzhəb ayrı-seçkiliyinə yol verilmir, Konstitusiyanın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığına dövlət təminatı verilir, bir çox xalqların və müxtəlif dini konfessiyaların nümayəndələri ölkə daxilində birgə və mehriban şəkildə yaşayır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat təqdim edilib