UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri Zaqatalada ənənəvi əl sənətləri ilə tanış olmuşlar
UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri Zaqatalada ənənəvi əl sənətləri ilə tanış olmuşlar
UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdikləri “Türk və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri səfər proqramına uyğun olaraq fevralın 5-də Zaqatala rayonunda olmuşlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu səfər bölgənin ənənəvi əl sənətləri ilə tanışlıq və əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyır. Zaqatalaya səfərləri çərçivəsində türkiyəli qonaqlar uşaq yaradıcılıq mərkəzində və rayon mədəniyyət evində yerli sənətkarların əl işləri nümunələrinin nümayiş etdirildiyi sərgilərə baxmış, sənətkarlarla görüşmüş, əl işlərinin hazırlanması, toxuma, yunun daranması və ip alınması proseslərini maraqla izləmişlər. Sərgilərdə nümayiş etdirilən əl işləri – şəbəkə, ağac üzərində yandırma və oyma üsulları ilə hazırlanmış sənət əsərləri, qadınların toxuduqları xalça, kilim, yun corab və əlcəklər, bədii tikmələr, xalq tətbiqi sənəti nümunələri qonaqların böyük marağına səbəb olmuşdur. Səfər çərçivəsində qonaqlar Zaqatalanın görməli yerlərini gəzmiş, tarixi məkanlar və abidələrlə tanış olmuşlar.