Xocalı sakini: Beynəlxalq təşkilatlar və qurumlar susmamalıdırlar
1992-ci ildən bu günədək bütün Xocalı sakinlərinin bir arzusu var: Biz Xocalıya ədalət istəyirik! Bu, təkcə Azərbaycan daxilində deyil, bütün dünyada tanınan bir faktdır. Beynəlxalq təşkilatlar və qurumlar susmamalıdırlar. Bu, bütün Xocalı sakinlərinin səsidir. Bu, bizim dövlətimizin səsidir. İnanırıq ki, bu səs nə vaxtsa eşidiləcək.
Hazırda Zaqatala rayonunda Xocalıdan olan 30 ailə yaşayır. Ailə üzvlərinin ümumi sayı 140 nəfərdir. Onların əksəriyyəti həmin faciəvi hadisələrin canlı şahididir, aralarında 7 şəhid verən ailə də var. Həmin hadisəni görməyənlər ailə daxilində olan söhbətlərdən ömür boyu bu faciəni yaşamış qədər təəssürat içindədirlər. Biz bu faciəni xatirimizdə də, tariximizdə də yaşadırıq, özümüzdən sonrakı nəsillərə də həmişə xatırladacağıq.
Hər dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən biz xocalılar dövlətimizin başçısına ünvanladığımız müraciətlərimizdə tam səmimiyyətlə, aparılan daxili və xarici siyasəti dəstəklədiyimizi dilə gətiririk. Biz həmişə inanırdıq ki, Prezident İlham Əliyevin peşəkar siyasəti nəticəsində öz ata-baba torpaqlarımıza qovuşacağımız günə az qalıb. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra indi çox sevinirik ki, inamımız və ümidimiz artıq özünü doğruldub. Tezliklə ata-baba yurdumuza qayıdacağımız günü gözləyirik və bu münasibətlə Prezidentimizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Xocalı şəhidlərinin ruhu artıq dinclik və rahatlıq tapıb.