Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı qırğını Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş terror siyasətinin tərkib hissəsidir

26 fevral 2022 | 16:00

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən otuz il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar Zaqatala rayonunda silsilə tədbirlər bir neçə gündür davam edir. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar keçirilib, sərgi və guşələr təşkil edilib.

  Xocalı faciəsinin ildönümü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonda məskunlaşan Xocalı sakinləri və ictimaiyyət nümayəndələri fevralın 26-da soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, dünya tarixinə nəzər salsaq bir çox faciələrin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə Xocalıda həyata keçirdikləri qətliam isə öz miqyasına və dəhşətli nəticələrinə görə digərlərindən fərqlənir. Bu cinayət 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın həyatına son qoyub, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə isə tamamilə məhv edilib.

Zaqatala rayon hərbi prokuroru Elşən Əli Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev və digər çıxış edənlər 30 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş terror siyasətinin tərkib hissəsi olduğunu vurğulayıblar.

Anım tədbirində çıxış edən Xocalı rayon sakini Vasif Allahverdiyev Azərbaycan xalqının bu qanlı tarixi heç vaxt unutmayacağını bildirib. Qeyd edilib ki, azğın erməni silahlı birləşmələrinin öz havadarları ilə birlikdə dinc, silahsız Xocalı sakinlərinə etdikləri amansızlıqlar və vəhşiliklər xalqımızın yaddaşına əbədi həkk olunub.

Həmin gün Zaqatalada məskunlaşmış Xocalıdan olan 30 ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.

 

 

Keçidlər