Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı şəhidin təltif olunduğu medal ailəsinə təqdim edilib.

23 fevral 2022 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Zaqatala rayonunun Lahıc kəndindən olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunduğu “Füzulinin azad olunmasına görə” medalı şəhidin valideynlərinə təqdim edilib.

Fevralın 23-də Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri İsmayıl Səmədovun dəfn edildiyi Lahıc kənd qəbiristanlığına gələrək şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Mərasimdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.

Şəhidin atasına oğlunun təltif olunduğu medal təqdim edilib.

Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə İsmayıl Səmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib və ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

 

Keçidlər