Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Nicat Xəlillinin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub

10 fevral 2022 | 16:00

Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Muğanlı kəndindən olan şəhid Nicat Xəlillidir. Fevralın 10-da Muğanlı kəndində Vətən müharibəsi şəhidi Nicat Xəlillinin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, şəhidin ailə üzvləri, təhsil aldığı məktəbin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, ziyalılar, kənd sakinləri çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Nicat Xəlillinin şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Nicat Xəlilli 1994-cü il dekabrın 9-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. O, 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2014-cü ildə hərbi xidməti başa vurub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Nicat Xəlilli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər