Zaqatalalı gənclər rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər
Azərbaycan Respublikasında gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə böyük önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir.
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə fevralın 2-də Zaqatalada keçirilən tədbirdə səsləndirilib.
Toplantı iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsinə Zaqatala şəhərində ucaldılmış Zəfər kompleksini, Şəhidlər xiyabanını ziyarət edib, həmçinin Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirin əvvəlində Zaqatala gənclərinin və idmançılarının əldə etdiyi uğurlardan bəhs edən film nümayiş etdirilib.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev çıxış edərək, Zaqatala gənclərinin 2021-ci ildə qazandıqları uğurlar barədə danışıb, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılır.
Tədbirdə çıxış edənlər Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.Rayonun ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edən gənclər Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.