Zaqatalalı gənclər “Narkomaniyaya yox!” deyirlər
Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi bu gün dünyanı narahat edən ən ciddi problemlərdən birinə çevrilib. Ölkəmizin gələcəyi sağlam gənclərdən asılıdır. Ona görə də yetişməkdə olan gənc nəsli narkomaniya təhlükəsindən qorumaq hamımızın borcudur.
Bu fikir 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Zaqatala rayon Gənclər və İdman İdarəsi, rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gələcəyimizi qoruyaq – narkomaniyaya yox deyək!” mövzusunda tədbirdə səsləndirilib.
Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev açaraq, ölkəmizdə gənclərlə bağlı işin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini bildirib, gənclər arasında sağlam həyat tərzinin təbliğində belə maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı İsa Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, gənclərin zərərli vərdişlərdən çəkinmələrinin vacibliyini diqqətə çatdırıb.
Çıxış edənlər bəşəriyyətin bu dəhşətli bəlasına qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə əlaqədar qurumların birgə fəaliyyətinin müsbət nəticələr verdiyini bildirib, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə yönəldilməsinin vacibliyini qeyd ediblər.Tədbirin sonunda narkomaniya ilə mübarizədən bəhs edən film nümayiş olunub.