Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun xatirəsi anılıb
Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, mayor Şixamir Qaflanovun Zaqatalada il mərasimi keçirilib.
Mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə şəhidin rayonun Üçüncü Tala kəndində məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Çıxış edənlər Şixamir Qaflanovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlığından danışıb, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.